Səfəvi dövlətində siyasi və hərbi
vəziyyətin ağırlaşdığı bir vaxtda
hakimiyyətə möhkəm əqidəyə və siyasi
mövqeyə malik olan Şah I Abbas
gəldi. 42 il hakimiyyətdə olmuş
Şah I Abbası Avropada “Böyük Abbas”
adlandırırdılar.
Şah I Abbasın hakimiyyətə gəlməsi. 1587-ci ildə Səfəvi dövlətində saray çevrilişi baş verdi. Məhəmməd Xudabəndə hakimiyyətdən kənarlaşdırıldı, onun oğlu 16 yaşlı Abbas şah elan edildi.
Şah I Abbas (1587-1629) dövlətin varlığını qorumaq üçün, ilk növbədə, Osmanlı dövləti ilə sülh danışıqlarına başladı. 1590-cı ildə İstanbulda sülh müqaviləsi imzalandı. XVI əsrdə Səfəvi— Osmanlı müharibəsinə son qoyan bu müqavilənin şərtlərinə əsasən, Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkərandan başqa, bütün Azərbaycan torpaqları osmanlılara verildi.
1590-cı il İstanbul müqaviləsi Səfəvilərin imzaladığı ən ağır şərtli sülh müqaviləsi idi. Bu müqavilənin şərtlərinə görə, Səfəvi dövləti öz ərazisinin xeyli hissəsini itirdi.