Georgiyevskdəki danışıqlar nəticəsində tərəflər arasında müqavilə imzalandı. Müqavilədə deyilirdi ki, “onu imzalayanlar öz arzusu ilə” Rusiyanın himayəsinə qəbul oluna bilərlər. Rusiya isə onların müstəqilliyinə toxunmayacaqdır.
Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. məsələləri də nəzərdə tuturdu.
Müqavimət göstərmək üçün kifayət qədər hərbi gücü olmayan Azərbaycan xanları çar Rusiyasının xanlıqların müstəqilliyinə toxunmayacağı barədə verdiyi vədlərə inandılar. Rusiya ayrı-ayrı Azərbaycan xanlarını Qacarlar və Osmanlı dövlətlərindən müdafiə edəcəyinə vəd verirdi. Bu heç də çar Rusiyasının xanlıqlara müstəqillik vermək niyyətində olması demək deyildi. Çar Rusiyası Azərbaycanın feodal hakimlərinin Rusiya işğalına müqavimət göstərmələrinin qarşısını belə yalan vədlərlə almaq istəyirdi.
I Pyotrun yürüşü zamanından ruslar erməni amilinə xüsusi əhəmiyyət verir və onlardan Azərbaycana qarşı casusluq fəaliyyətində istifadə edirdilər. İşğalçılar üçün lazımi casusluq məlumatlarının toplanması üçün ermənilər “xüsusi” fəallıq göstərirdilər. Azərbaycan, Osmanlı və Gürcüstan torpaqlarında “Böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan ermənilər çar Rusiyasının Qafqazdakı irticaçı* siyasətinə kömək etməklə məkrli məqsədlərinə çatacaqlarına ümid edirdilər.
Tofiq Mustafazadə. “Qarabağ xanlığı”, səh. 181