1801-ci ildə Kartli-Kaxetiya çarlığı (Şərqi Gürcüstan) Rusiyaya birləşdirildi. Gürcü çarının hakimiyyəti ləğv edildi, rus qoşunlarının baş komandanı tərəfindən idarə olunan quberniya yaradıldı. Bu zaman Azərbaycanla bağlı böyük ədalətsizliyə yol verildi. Azərbaycanın torpaqları: Qazax, Borçalı, Şəmşəddil sultanlıqları, Loru və Pəmbək bölgələri də işğal edilərək bu quberniyanın tərkibinə daxil edildi. Beləliklə, Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına başlanıldı.
“Azərbaycan tarixi”, 7 cilddə, IV cild
Georgiyevsk müqaviləsi. 1802-ci ildə Georgiyevsk* şəhərində Rusiya hökuməti tərəfindən təşkil edilmiş görüş keçirildi. Görüşdə Dağıstan feodal hakimlərinin nümayəndələri ilə yanaşı, Quba və Lənkəran xanlıqlarının nümayəndələri də iştirak edirdilər. Digər Azərbaycan xanlıqlarının nümayəndələri görüşdə iştirak etmədilər. Onlar Rusiya ilə Qacar sarayı arasında seçim qarşısında qalmışdılar. Bir qədər əvvəl Qacar sarayından göndərilən elçi onlara taxt-tacda Ağa Məhəmməd şah Qacarı əvəz etmiş Fətəli şahın hakimiyyətini qəbul etmək barədə fərman gətirmişdi.