Rusiyanın Cənubi Qafqazı ələ keçirmək üçün nəzərdə tutduğu
siyasi məqsədlər nədən ibarət idi?
Bu dövrdə Avropa dövlətləri müstəmləkələr ələ keçirmək uğrunda
geniş və kəskin bir hərbi mübarizəyə girişmişdilər. Qərbi Avropa
dövlətlərinin, xüsusən də İngiltərə və Fransanın Cənubi Qafqaz
barədə işğalçı planları var idi. Ona görə də onlar Rusiyanın bu
ərazidə möhkəmlənməsinə mane olmağa çalışırdılar. Rusiyanın bu
yerləri işğal etməsi İngiltərənin Şərqdəki mövqeyinə, o cümlədən
Ost-Hind şirkətinin inhisarına ağır zərbə endirə bilərdi.
İngiltərənin Cənubi Qafqazla bağlı planlarını təhlil edin.
Azərbaycan torpaqlarında mərkəzləşdirilmiş dövlətin olmaması vahid
xarici siyasətin yeridilməsinə imkan vermirdi. Buna görə
Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, xanlıqlar
arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə göz dikən
müxtəlif qüvvələr ilə yaxınlaşmalı olurdular. XVIII əsrin sonu —
XIX əsrin əvvəllərində Azərbaycana qarşı başlıca təhlükə çar
Rusiyasından gəlirdi. Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti
Qacar şahlarının mənafeyinə toxunduğundan bu iki ölkənin
münasibətlərinin kəskinləşməsində də Azərbaycan başlıca yer
tuturdu.
XIX əsrin əvvəllərində Azərbaycanda mərkəzləşdirilmiş dövlətin
olmamasının nəticələrini müzakirə edin.
Qazax, Borçalı, Şəmşəddil sultanlıqları, Loru və Pəmbək
bölgələrinin işğalı. 1801-ci
ilin əvvəllərində İngiltərə Qacarlar dövləti ilə siyasi və ticarət
müqavilələri bağladı. Bu müqavilələri bağlamaqla İngiltərə
Qacarlar dövlətinin daxili işlərinə qarışmaq imkanı əldə etdi.
Qacarlar dövləti ilə İngiltərənin yaxınlaşmasını görən Rusiya
hərəkətə keçdi.