İrəvan şəhərinin zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermişdir. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. İrəvan xalçaları xovlu (xalça, xalı, gəbə və s.) və xovsuz (palaz, kilim, cecim, sumağı, zili və s.) olmaqla naxışlarının incəliyi, rənglərinin zənginliyi ilə seçilirdi. Xalçaların üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar, çox zaman onun toxunma ili və toxuyanın adı öz əksini tapırdı.
Bakının qədim İçərişəhər hissəsində zərif və yüksək keyfiyyətli xalçalar toxunurdu. Bakının kəndlərində də gözəl xalçalar toxuyurdular. Bu xalçaları “Qobustan” adlandırırdılar.
XVIII əsrdə toxunmuş xalçaların bəzi nümunələri hazırda İstanbulun Türk və İslam Əsərləri Muzeyində saxlanılır.
Ticarət. Əvvəlki dövrlərdə olduğu kimi, XVIII əsrin ikinci yarısında da Azərbaycanda ticarət əməliyyatı həm karvan yolları, həm də Xəzər dənizi vasitəsilə aparılırdı. Volqa—Xəzər ticarət yolunda isə Bakı limanı xüsusi əhəmiyyət kəsb edirdi. Bu yolla həm Rusiyaya, həm də Rusiyadan Qərbi Avropa ölkələrinə, xüsusilə İngiltərə və Hollandiyanın bazarlarına çıxmaq olurdu.
Azərbaycan şəhərlərinin hamısında ticarətin bütün növləri üzərində böyük gömrük qoyulmuşdu. İri yaşayış məntəqələrində qala qapısından tutmuş, çay keçidlərinə, hətta dini ocaqlara gedən yollaradək xanın məmurları durur, gəlib-gedənlərdən rəhdari deyilən daxili gömrük vergisi toplayırdılar.