XVIII əsrin ikinci yarısında yaranıb inkişaf edən şəhərlər sırasında siyasi və iqtisadi mərkəz kimi Şuşa şəhəri xüsusi yer tutur. Şuşa qalası bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş təbii bir qala idi. Pənahəli xan istinadgah kimi həmin yeri seçdikdən sonra burada qala divarları, sonra isə evlər və imarətlər tikdirmişdi. İnşaat işləri bitdikdən sonra Pənahəli xan və Qarabağın bir çox zadəgan və sənətkarları qalaya köçmüşdülər.