Xanlıqlar inzibati cəhətdən mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları naiblər idarə edirdilər.
Şəhərlərin idarə edilməsində polis vəzifəsini icra edən darğalara böyük səlahiyyətlər verilmişdi. Onlar şəhərdə və bazarda qayda-qanun yaratmalı idilər. Şəhərin idarəsində ustabaşılar da müəyyən rol oynayırdılar. Onlar sənətkarların inzibati, maliyyə, mülki məhkəmə məsələlərinə baxırdılar.
Xanlıqların idarə sistemində çalışanların xidməti xəzinə üçün toplanan vergilər hesabına ödənilirdi.
Şəhərlər. XVIII əsrin ikinci yarısında Azərbaycan ərazisində mövcud olan Təbriz, Şamaxı, Naxçıvan, Ərdəbil, Dərbənd, Bakı, Gəncə, Şəki, İrəvan, Urmiya, Xoy kimi qədim şəhərlər öz əhəmiyyətini saxlayırdı. Bu dövrdə Şuşa (Pənahabad), Ağsu (Yeni Şamaxı) və Quba kimi yeni şəhərlər də mövcud olmuşdu. Adları çəkilən bu şəhərlərin hərəsi bir xanlığın mərkəzi idi. Qala divarları ilə əhatə olunmuş şəhərlərdə əhalinin əsas hissəsi kiçik evlərdə və zirzəmilərdə yaşayırdı.
Tez-tez baş verən feodal ara müharibələri və xarici işğalçıların basqınları zamanı şəhərlərə ciddi ziyan dəyirdi. Ən böyük zərər Şamaxı şəhərinə dəymişdi. Köhnə Şamaxının ağ daşdan tikilmiş gözəl naxışlı binaları, məscidləri, hamamları və s. tikililəri dağıdılmışdı. Qısa müddət ərzində Köhnə Şamaxı və Yeni Şamaxı şəhərlərinin əhalisi tez-tez bir şəhərdən digərinə köçürülmüşdü. Bu vəziyyət əhalinin əlini soyudur, onları həvəsdən salırdı. Sakinlərin böyük bir qismi özü üçün böyük ev tikmək istəmirdi.
Şamaxı şəhəri XVIII əsrdə dəfələrlə işğala məruz qalsa da, xarici ticarətdə əhəmiyyətini itirməmişdi. Şamaxıda cəmləşən Şirvan ipəyinə xarici bazarlarda böyük ehtiyac var idi. İpək Avropanın və Asiyanın böyük şəhərlərinə ixrac edilirdi.