N.Mustafayeva. Azərbaycanın cənub xanlıqları, səh. 58-59
Nadir şahın nəvəsinin Xorasanda qiyam qaldırması xəbərini alan Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaqlarını tərk etdi. Xorasan strateji və iqtisadi əhəmiyyət daşıyırdı. Onun itirilməsi mərkəzi hakimiyyəti sarsıda bilərdi.
Ağa Məhəmməd şah Qacarın son cəhdi. 1796-cı ilin yazında Ağa Məhəmməd xan Qacar Muğanda rəsmi olaraq şah elan olundu. O, Ərdəbilə gəldi, Şah I İsmayılın qılıncını qəbul edərək özünü Səfəvi dövlətinin varisi elan etdi.
1796-cı ilin yazında general Valerian Zubovun başçılığı ilə rus qoşunları Azərbaycana yürüş etdi. Azərbaycan ərazilərinin bir hissəsi işğal edildi. Şamaxı xanı və Quba xanı rus qoşununa qarşı müqavimət göstərdi. II Yekaterinanın qəfil ölüm xəbəri və güclü müqavimət rus ordusunun geri çəkilməsinə səbəb oldu. Rusiyanın Cənubi Qafqazı, xüsusilə də Azərbaycanın şimal torpaqlarını işğal etmək siyasətinə qarşı çıxan Ağa Məhəmməd şah Qacar 1797-ci ildə yenidən şimala yürüş etdi.
Ağa Məhəmməd şah qoşunun bir hissəsini Təbrizə göndərdi, özü isə Ərdəbilə gəldi. Buradan Naxçıvana süvari dəstəsi göndərərək xanlığın ona tabe olmasını tələb etdi. Naxçıvan xanı Kəlbəli xan qiymətli hədiyyələrlə Ərdəbilə gəlib şahın hakimiyyətini qəbul etsə də, Ağa Məhəmməd şah Kəlbəli xanın rus qoşunları ilə əlaqə saxladığını bilib onu həbs etdirdi. Naxçıvanın ardınca Qacar ordusu Lənkəranı da özünə tabe etdi.
Qarabağa hərəkət edən Qacar ordusu Araz çayına çatdı. Xudafərin körpüsü İbrahimxəlil xanın əmri ilə söküldüyü üçün Qacar ordusu çox çətinliklə Araz çayını keçib müvəqqəti olaraq çayın sahilində düşərgə saldı. Bu zaman Qarabağ xanlığının müdafiəçiləri içərisi ağır daşlarla doldurulmuş qayıqları bir qədər aşağıda Araz çayında batırdılar. Daşla dolu qayıqlar çayın məcrasını dəyişdi.