Qarabağ xanı İbrahimxəlil xan və Lənkəran xanı Mir Mustafa xan Ağa Məhəmməd xana qarşı birlikdə müqavimət göstərməyi qərara aldılar. İbrahimxəlil xan Ağa Məhəmməd xanın qoşunu keçə bilməsin deyə Araz üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi. Tezliklə bu ittifaqa gürcü çarı II İrakli və İrəvan xanı Məhəmməd Hüseyn xan Qacar da qoşuldu, lakin onların arasında birlik möhkəm deyildi.
Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimal torpaqlarına yürüşə başlaması. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaqlarına üç istiqamətdə yürüş etdi: qoşunun kiçik bir hissəsi Dağıstan üzərinə yerimək üçün Muğana, böyük hissəsi Ağa Məhəmməd xanın öz başçılığı altında Qarabağa, üçüncü hissəsi isə İrəvan xanlığına doğru hərəkətə başladı.
İrəvan istiqamətinə yürüş edən qoşun hissəsi Naxçıvanda sərt müqavimətə rast gəldi. Qacar qoşunu Naxçıvanın mühasirəsindən əl çəkib İrəvana hücum etdi.