Mənbələrin və “Qarabağnamə” müəlliflərinin verdikləri məlumata görə, məlikliklərin əhalisi mənşəcə Qarabağdan deyildi. Onlar bu əraziyə Azərbaycanın başqa yerlərindən köçüb gəlmişdilər və Qarabağın beş mahalının adı ilə adlandırılmışdı. Yalnız Xaçın mahalının əhalisi yerli xristian-albanlar idilər. Digər məliklər Qarabağa gəlmə idi. Məsələn, Dizaq məliki Qarabağa Lorudan qaçıb gəlmişdi. Nadir şah Dizaqda ona məliklik vermişdi. Vərəndə məliki Şahnəzər Göyçədən, Çiləbörd məliki Allahqulu Mağavizdən*, Talış məliki Usub Şirvandan qaçaraq Qarabağda özünə sığınacaq tapmış və Nadir şaha itaətə görə müvafiq ərazilərə məlik təyin edilmişdi. Onlar Qarabağda heç bir dövlət birləşməsi yarada bilməmişdilər, çünki bölgədə sosial dayağa malik olmayan, daim bir-biri ilə didişən mahal başçıları idilər. Məliklər səlahiyyətlərinin məhdudlaşdırılmasından qorxurdular. Ona görə də Qarabağda mərkəzləşdirilmiş hakimiyyətin yaranmasını istəmir, xarici qüvvələrlə gizli əlaqələr saxlayırdılar. Məliklərin separatçılıq meyilləri mərkəzləşdirmə işinə mane olur, xanlığın daxili vəziyyətini mürəkkəbləşdirirdi. Buna görə də məliklərin müqavimətini qırmaq üçün görülən tədbirlər Qarabağ xanlığının müstəqilliyinin möhkəmləndirilməsi demək idi.