İlisu sultanlığı hələ Səfəvilər dövründə — XVI əsrin ikinci yarısında yaranmışdır. Əvvəllər sultan əhali tərəfindən seçilirdi. XVIII əsrin sonlarından sultan hakimiyyəti irsən keçməyə başladı. İlisu sultanlığı Şəki xanlığı və Car-Balakən camaatı ilə birlikdə ölkənin şimal-qərb torpaqlarının yadelli basqınlarından qorunmasında mühüm rol oynamışdır.
XVIII əsrin ikinci yarısında mövcud sultanlıqlardan biri Qazax sultanlığı idi. Burada Qazax tayfası* yaşayırdı. Şəmşəddil sultanlığının adı isə qədim Azərbaycan tayfası Zülqədərlərin bir qolu olan Şəmşəddillə bağlı idi. Hakimləri sultan titulu daşıyırdı. Onlar irsi hakimiyyətə malik idilər.
Qəbələ sultanlığı müəyyən imtiyaza malik olmaqla, bilavasitə Şəki xanlığına tabe idi. Əhali əkinçiliklə məşğul idi; buğda, arpa, çəltik becərir, ipəkçiliklə də məşğul olurdu. Azərbaycanın bir sıra şəhərlərinə gedən ticarət yolları buradan keçirdi.
Ərəş sultanlığı Səfəvilər dövründə yaranmışdı. Əhali ipəkçilik, əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdu. Buradan bir çox ölkələrə xam ipək ixrac edilirdi. Sultanlıq Şəki xanlığından asılı idi. 1795-ci ildə sultanlıq ləğv edildi və mahal kimi Şəki xanlığına qatıldı.
Məlikliklər. Əhalisi xristianlığı qəbul etmiş albanlardan ibarət olan Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış), Çiləbörd məliklikləri Qarabağ xanlığı ərazisində yerləşirdi. Məliklər xandan asılı idilər, lakin Pənahəli xan gücləndikcə məliklərin separatçılıq* fəaliyyəti də artırdı. Bunun qarşısının alınması vacib idi.