Xanlığın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Əkinçilik və maldarlıq əsas məşğuliyyət sahələri idi.
Lənkəran şəhəri əsas sənətkarlıq və ticarət mərkəzi idi. Xanlığın əlverişli coğrafi mövqeyi — Xəzər dənizi sahillərində yerləşməsi burada ticarətin inkişafına şərait yaradırdı. Lənkəran xanlığı Qafqaz, Yaxın Şərq ölkələri və Rusiya ilə davamlı ticarət əlaqələrinə malik idi.
Qara xandan sonra hakimiyyətə Mir Mustafa xan (1786-1814) gəldi. Onun dövründə xanlıq daha da gücləndi.
Dərbənd xanlığı. Xanlığın əsasını Məhəmmədhüseyn xan qoymuşdu. O, əhalini ağır vergi və mükəlləfiyyətlərlə incidirdi. Dərbənd xanının siyasətindən narazı olan yerli əhali kömək üçün Quba xanı Fətəli xana müraciət etdi. 1759-cu ildə Fətəli xan yerli əhalinin xahişi ilə Dərbəndə yürüş edərək onu Quba xanlığına birləşdirdi. Bundan sonra Dərbənd Quba xanlığının mühüm ticarət, sənətkarlıq və iqtisadi mərkəzlərindən biri oldu.