Fətəli xanın ölümündən sonra müstəqilliyini bərpa edən Bakı xanlığında bir müddət hakimiyyət uğrunda mübarizə aparıldı. Bu mübarizədə qalib gələn Hüseynqulu xan (1792—1806) əvvəlcə Rusiyanın himayəsini qəbul etdi, lakin bu vəziyyət uzun sürmədi. 1796-cı ilin sonunda Rusiya hakimiyyətində baş vermiş dəyişiklik nəticəsində rus qoşunları Azərbaycan torpaqlarını tərk etdi.
Lənkəran xanlığı. Bu xanlıq hələ Nadir şahın dövründə daxili müstəqilliyə malik idi. XVIII əsrin ortalarında Qara xan adlandırılan Cəmaləddin Mirzə bəy Lənkəranı müstəqil xanlıq elan etdi. O, Səfəvi nəslindən idi. Xanlığın mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Qara xan xanlığı iqtisadi və siyasi cəhətdən möhkəmləndirmək üçün bir sıra addımlar atdı.
Xarici işğallardan qorunmaq üçün Qara xan 1785-ci ildə Quba xanlığından asılılığı qəbul etmişdi.