Heydərqulu xan öz hakimiyyətini möhkəmləndirmək və xarici hücumlardan qorunmaq üçün qonşu xanlıqlarla müttəfiqlik siyasəti yürüdürdü. XVIII əsrin 50-ci illərində Heydərqulu xan Qarabağ xanı Pənahəli xandan asılılığı qəbul etmişdi.
Heydərqulu xanın ölümündən sonra Naxçıvan xanlığı zəiflədi. Xanlıq bir müddət Şiraz hakimi Kərim xan Zənddən asılı vəziyyətə düşdü. XVIII əsrin 80-ci illəri xanlığın siyasi tarixində, əsasən, hakimiyyət uğrunda mübarizə dövrü kimi səciyyəvidir.
Hakimiyyət uğrunda müharibələr və feodal dağınıqlığı Azərbaycan torpaqlarının xarici hücumlardan müdafiəsini çətinləşdirirdi. Gürcü çarı II İrakli İrəvan xanlığını asılı vəziyyətə saldıqdan sonra Naxçıvanı da işğal etmək istəyirdi. O, Naxçıvan xanlığına yürüşə hazırlaşırdı, lakin Osmanlı dövlətinin narazılığı bu yürüşün qarşısını aldı.