Tarixçi Yevgeni Kozubski
Dərbəndin mühasirəsinin uzanmasından istifadə edən Fətəli xan dəniz vasitəsilə qalaya qayıtdı. Dərbənd doqquz ay qəhrəmancasına müdafiə edildi. Birləşmiş qüvvələrə qarşı təkbaşına mübarizənin çətin olduğunu görən Fətəli xan kömək üçün Rusiyaya müraciət etdi. Fətəli xanın elçiləri Rusiya çariçası II Yekaterina tərəfindən hörmətlə qarşılandı. Qafqazdakı rus qoşunu Dərbəndə gəldi.
1775-ci ildə Əmir Həmzə Dərbəndin mühasirəsindən əl çəkib, rus qoşunları ilə döyüşə girdi və məğlub oldu. Rus qoşunu Dərbəndə daxil oldu. Bundan narazı olan Osmanlı dövləti Rusiya hökumətinə etirazını bildirdi. Osmanlı dövləti ilə yenidən müharibə etmək istəməyən Rusiya öz qoşununu geri çəkdi.
Fətəli xan diplomatik yolla Qarabağı da öz dövlətinə birləşdirmək istəyirdi, lakin onun bu niyyəti baş tutmadı. 1780— 1781-ci illərdə o, Qarabağa hərbi yürüşlər etdi, amma bu yürüşlər də uğursuzluqla nəticələndi.
Azərbaycanın cənub torpaqlarına yürüş. Fətəli xan Azərbaycanın yalnız şimal xanlıqlarını deyil, cənub torpaqlarını da öz hakimiyyəti altında birləşdirmək istəyirdi. Fətəli xanın planlarından biri də keçmiş Səfəvilər dövlətinin sərhədlərinin bərpa edilməsi idi. Ona görə də o, Azərbaycanın cənub torpaqlarına yürüş etdi. 1784-cü ildə Fətəli xan Ərdəbili və Meşkini ələ keçirdi. Fətəli xanın Azərbaycanın cənub torpaqlarına yürüşü Cənubi Qafqazın və Dağıstanın feodal hakimlərinin narazılığına səbəb oldu.