2.1. İstilik miqdarı

Fincandakı ilıq çayı qızdırmaq üçün, adətən, onun üzərinə bir qədər qaynar su əlavə edirik. Bu zaman ilıq çay ilə qaynar suyun temperaturları tarazlaşana qədər onlar arasında istilik mübadiləsi baş verir - mayelərin daxili enerjiləri dəyişir.
  • İstilik mübadiləsi zamanı fincandakı çay və suyun daxili enerjisi necə dəyişir: hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Nə üçün?
  • Mayenin daxili enerjisinin nə qədər artdığı və ya nə qədər azaldığını təyin etmək olarmı?

Cisimlər arasında istilikvermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.

  • İstilik miqdarı —istilikvermə prosesində cismin aldığı və ya verdiyi enerjidir.

İstilik miqdarı Q hərfi ilə işarə olunur və BS-də vahidi couldur:

[Q] = 1C.

BİLİRSİNİZMİ?

İstilik miqdarının kalori adlanan digər vahidi də vardır. Kalori – 1 q kütləli suyu 1°C qızdırmaq üçün tələb olunan istilik miqdarıdır. Coul ilə kalori arasında münasibət belədir:

1 kal ≈ 4,19 C.

Kaloridən (və ya kilokaloridən), adətən, ərzağın energetik əhəmiyyətini qiymətləndirmək üçün istifadə olunur. Belə ki, ərzaqda kalorinin miqdarı orqanizmin ondan aldığı enerjinin miqdarı ilə təyin edilir. Orqanizm kalorini ərzaqdakı zülal, piy, karbohidrat kimi tərkib hissələrdən alır.