Azərbaycanda yağıntılar ərazi üzrə qeyri-bərabər paylanır. Yağıntıların paylanmasına relyef formaları, yamacların istiqaməti, Xəzər dənizinə yaxınlıq və hakim hava axınları təsir göstərir. Ölkə ərazisində ən az yağıntılar Abşeron yarımadasının cənub-qərbində olan Puta məntəqəsinə düşür. Burada il ərzində 150 mm-ə qədər yağıntı olur. Ölkədə ən çox yağıntılar isə Talış dağlarının ətəklərinə düşür və 1400-1700 mm-ə çatır.
Düzənlik və dağətəyi sahələrdən orta dağlığa doğru yağıntıların miqdarı artır. Yüksək dağlığa doğru nisbətən azalma gedir.Talış dağlarında isə yüksəkliyə doğru yağıntıların miqdarı azalır və yüksək sahələrdə 300-400 mm-ə enir. Abşeron yarımadası və Qobustanın cənub-şərqində il ərzində 150-200 mm, Kür- Araz və Samur-Dəvəçi ovalıqları, Naxçıvan MR-in Arazboyu zonasına 200-400 mm yağıntı düşür. Ölkədə yağıntıların miqdarına görə ikinci yeri tutan Böyük Qafqazın cənubunda, dağətəyi zonalarda 300-400 mm, orta dağlıqda 1300 mm-ə qədər yağıntı olur. Kiçik Qafqazın yüksək dağlıq sahələrinə doğru yağıntıların miqdarı 800-850 mm-ə qədər, Zəngəzur dağlarında 700-800 mm-ə qədər artır.
Yağıntıların çox hissəsi dağlarda yazda və yayın əvvəlində, Lənkəranda payızda (sentyabr-noyabr aylarında), düzənliklərdə yazda və payızda düşür. Düzənliklərdə ən az yağıntılar yayda müşahidə olunur. Zəngəzur dağlarında qış yağıntılı keçir.