Azərbaycanda hava şəraitinin formalaşmasına dünyanın müxtəlif regionlarından gələn hava axınları böyük təsir göstərir. Qışda yüksək atmosfer təzyiqi sahəsində yerləşən Kara və Barens dənizlərinin üzərindəki donmuş sahələrdən kontinental arktika hava kütlələri gəlir. Şpitsbergen və Qrenlandiya adalarının Şimali Atlantika cərəyanının təsiri altında olan ərazilərdən dəniz-arktika hava kütlələri daxil olur.
Mülayim enliklərdə yerləşən Azor antisiklonu sahəsindən gələn mülayim dəniz hava kütlələri il ərzində temperaturun azalmasına, yağıntıların artmasına səbəb olur. Avrasiyanın mərkəzi hissələrindən mülayim-kontinental hava axınlarının daxil olması ilə temperatur azalır və az yağıntı düşür. Aralıq dənizi və Kiçik Asiyadan gələn cənub siklonları yağıntı gətirir. Yayda havanın temperaturunun artması və quraq keçməsi Şimali Afrika və Ərəbistan yarımadasından gələn tropik hava kütlələri ilə əlaqədardır. Xəzər dənizindən keçməklə Mərkəzi Asiyadan gələn kontinental hava axınları yayda isti, qışda soyuq və quru havanın yaranmasına səbəb olur.