A.Vegener Yer səthində mövcud olmuş ilk geniş quru sahəsini Pangeya* adlandırmışdır. Pangeya qurusu təqribən 200-250 milyon il bundan əvvələ qədər mövcud olmuşdur. Bu quru sahəsini Pantalassa* adlanan okean əhatə etmişdir.
Litosfer tavalarının hərəkəti nəticəsində Pangeya materiki Lavrasiya* və Qondvanaya* parçalanmışdır. Lavrasiya qurusu şimal hissədə, Qondvana isə cənubda yerləşirdi. Bu iki nəhəng quru sahəsinin arasında qalan çökmüş sahədə nəhəng Tetis okeanı* mövcud olmuşdur.
Azərbaycan Respublkasının ərazisi vaxtilə Tetis okeanının suları altında olmuşdur. Tetis okeanının çəkilməsi nəticəsində onun yerləşdiyi ərazi quru sahəsinə çevrilmişdir. Güman edilir ki, Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi, Aral gölü Tetis okeanının yerində qalmış su hövzələridir. 135 milyon il əvvəldən başlayaraq müasir materiklər və okeanlar formalaşmışdır.