Giriş
Əziz şagirdlər!
VIII sinifdə Siz coğrafiyanı yeni mərhələdə öyrənməyə
başlayırsınız. Burada əvvəlki illərdə əldə etdiyiniz coğrafi
biliklərə əsaslanaraq təbiətdə baş verən proses və hadisələri daha
dərindən öyrənəcək, onların səbəblərini və nəticələrini müəyyən
edə biləcəksiniz.
Coğrafiya təbiətin müxtəlif komponentlərini, onlar arasındakı
əlaqələri və bir-birinə təsirini müəyyən etməklə yanaşı, təbiətdən
daha səmərəli istifadə edilməsi yollarını, onun qorunması
istiqamətlərini, əhali və təsərrüfatın yerləşməsini öyrənir.
Bu il Siz coğrafi kəşflərin yeni mərhələsini öyrənməklə yanaşı,
coğrafiyanın bir elm kimi formalaşması mərhələləri, onun
tərkibində ayrılan elmlərin inkişafı, dövrün tələblərinə uyğun
gələn yeni elm sahələrinin yaranması zəruriliyi ilə tanış
olacaqsınız. Azərbaycanda coğrafiya elminin inkişafında rolu olan
alimlərlə tanışlıq da böyük əhəmiyyət kəsb edir.
Xəritələr coğrafiyanın ikinci dilidir. Hər bir coğrafi tədqiqat
xəritədən başlanır, xəritə ilə başa çatır. Bu il xəritələrin
əhəmiyyəti, onlarda təsvir üsulları və xəritələrin təsnifatı ilə
tanış olacaqsınız. Xəritələr üzərində hesablamalar aparılmasını
öyrənmək praktik işlərin həyata keçirilməsi üçün çox vacibdir.
Əvvəlki illərdə öyrəndiyiniz mövzuların davamı olaraq bu il Yerin
Günəş ətrafında hərəkətinin nəticələri, qütb gecə-gündüzlərinin
başvermə səbəbləri, işıqlanma qurşaqları və saat qurşaqları ilə
tanış olacaqsınız. Mövzuları mənimsəməklə dünyanın istənilən
ölkəsində yerləşən şəhərlərə, o cümlədən Bakı şəhərinə müxtəlif
vaxtlarda günəş şüalarının düşmə bucağını hesablaya biləcəksiniz.
Bu il ərzində dünya ölkələrinin inkişaf səviyyəsinə görə
fərqlənməsinin səbəblərini, hər bir qrupa daxil olan ölkələri və
onlara aid olan xüsusiyyətləri müəyyən edə biləcəksiniz.
Dərs prosesində Siz əhalinin sayının artması və təsərrüfatın
inkişafı prosesində ətraf mühitin çirklənməsinin səbəbləri və
nəticələrini, ekoloji problemlərin həlli yollarını da
öyrənəcəksiniz.
Hesab edirik ki, bunlar Sizin mövzuları mükəmməl öyrənməyinizə
kömək edəcəkdir.
Sizə uğurlar arzulayırıq!