Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecə-gündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər yaranır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları* ayrılır.
Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır. Ona görə havanın orta illik temperaturu 20°C-dən yuxarı olur.
Tropiklər və qütb dairələri arasında Şimal mülayim və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Burada Günəş zenitdə olmur, ilin dörd fəsli aydın müşahidə edilir, tropiklərə doğru iqlim istiləşir. Yayda Günəş üfüqdən yüksəyə qalxır, isti olur, gündüz uzun, gecə qısadır. Qışda Günəş üfüqdə alçaqda olur, soyuqdur, gündüz qısa, gecə uzundur.