3) Xəritə üzərində olan əyri xətlərin uzunluğunu hesablamaq üçün pərgar-
mikrometrdən istifadə olunur. Onun kiçik ölçüdə addımlarının (2-3 mm) sayı müəyyən edilir. Sonra xəritənin miqyasına əsasən xəttin uzunluğu hesablanır. Bu xətlərin xəritədə uzunluğu kurvimetrin köməyi ilə də asanlıqla hesablanır.
Xəritədə müəyyən sahə tutan coğrafi obyektlərin Yerdə həqiqi sahəsini hesablamaq lazım gəlir. Bunun üçün miqyasa əsasən sahənin miqyası, yəni, xəritədə 1sm2-ə Yerdə neçə km2 uyğun gəlməsi müəyyən olunur. Məsələn, əgər xəritənin ədədi miqyası 1:5000000 olarsa, onun izahlı (adlı) miqyası 1 sm-də 50 km olar. Ona görə də xəritədəki 1 sm2-ə Yer səthində 2500 km2 (50 km • 50 km) uyğun gəlir. Bu halda Syer = Sxəritə • (adlı miqyas)2 olur.
Xəritə üzərində yerləşən obyektlərin sahəsini hesablamaq üçün hər tərəfi 0,5 sm-ə bərabər olan kvadratlara bölünmüş şəffaf lövhədən istifadə olunur. Ona paletka deyilir. Paletkanın bir daması 0,25 sm2- dir, yəni dörd dama 1 sm2-ə uyğun gəlir. Onu ayrılmış ərazinin üzərinə qoymaqla damalar sayılır və miqyasa görə sahəsi hesablanır. Yarımçıq olan damalar birləşdirilir, tam olan damaya gətirilir, sonra sayılır və sahəsi hesablanır.