zəngin məlumatlar vardır. Qafur Rəşad Mirzəzadə XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir (“Qafqaz coğrafiyası”, “Ümumi coğrafiya”). 1921-ci ildə Məhəmmədhəsən Vəliyevin (Baharlının) məşhur “Azərbaycan” kitabı nəşr edilsə də, uzun illər istifadə edilməsi yasaq olunmuşdur.
Ölkəmizdə coğrafiya elminin formalaşması XX əsrin 30-cu illərində başlansa da, 50-60-cı illərdən sonra sürətlə inkişaf etmişdir. Bu dövrdə ölkənin fiziki və iqtisadi coğrafiyası geniş şəkildə öyrənilmiş, kitablar yazılmış, çoxsaylı xəritələr hazırlanmışdır. Azərbaycanın relyefi Budaq Budaqov və Müseyib Müseyibov, iqlimi Ənvər Şıxlinski və Əliabbas Mədətzadə, çayları Saleh Rüstəmov tərəfindən öyrənilmişdir. Xəzər dənizini uzun müddət Qasım Gül, Azərbaycanın torpaq örtüyünü Həsən Əliyev, Məmmədəmin Salayev, iqtisadi coğrafiyasını Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər. Müasir dövrdə iqlimşünaslıq, hidrologiya, landşaftşünaslıq, turizm coğrafiyası, siyasi coğrafiya, əhali coğrafiyası, ekoloji coğrafiya sahələrində tədqiqatlar daha da genişlənir.
Coğrafiya elminin inkişafı və onun əldə etdiyi nəticələr ölkənin təsərrüfatının ərazi təşkilində əhəmiyyətli rol oynamışdır. Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən kimi şəhərlərdə sənaye obyektlərinin yaradılması zamanı coğrafiya elminin topladığı məlumatlardan istifadə edilmişdir.
Hazırda ölkənin regionlarının inkişaf etdirilməsi üçün Dövlət Proqramları yerinə yetirilir. Bu zaman regionların inkişafı və təsərrüfat obyektlərinin yaradılması üçün coğrafiya elminin topladığı məlumatlardan istifadə edilməsi zəruridir. Bu halda ölkənin paytaxtı Bakı şəhəri ilə yanaşı,