Siklonlar atmosferin qapalı alçaq təzyiq sahəsi ilə əlaqədar havanın geniş sahədə burulğanlı hərəkəti. Siklonun mərkəzində atmosfer təzyiqi normal atmosfer təzyiqindən (760 mm c. st.) az olur. Ona görə hava kənardakı yüksək təzyiq sahəsindən siklonun mərkəzinə yönəlir. Kariolis qüvvəsinin təsiri nəticəsində siklonda külək Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənub yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində əsir. Güclü külək əsir, bulud əmələ gəlir, yağış yağır.
Siyasi coğrafiya - ölkələrin sosial-iqtisadi, tarixi, siyasi, milli-mədəni inkişaf xüsusiyyətləri ilə əlaqədar siyasi qüvvələrin ərazi üzrə paylanmasını, siyasi xəritənin, ölkələrin ərazisinin, sərhədlərinin formalaşmasını, dövlət quruluşunu, onların dəyişməsini öyrənən coğrafiya elmi.
Sunami - güclü sualtı vulkan və zəlzələ nəticəsində okean səthində əmələ gələn dalğalar. Sahilə yaxınlaşarkən dalğaların sürəti azalır (30-100 km/saata qədər), hündürlüyü isə 25-30 m-ə qədər artır, böyük dağıntılara və insan tələfatına səbəb olur.
Şimal-şərq küləkləri - Şimal coğrafi qütbünə yaxın enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin (60° şm.e.) alçaq təzyiq sahələrinə doğru daim əsən küləklər.
Tektonik hərəkətlər - Yerin daxilində yaranan istilik, radioaktiv və kimyəvi enerjinin təsiri ilə Yer qabığının hərəkəti. Yer qabığının əsrlik tərəddüdü, qırışıqlıq əmələgəlmə, qırılmalar üzrə hərəkətləri, üfüqi və şaqulu hərəkətləri fərqləndirilir.
Tetis okeanı - 500 mln. il əvvəldən mövcud olmuş su hövzəsinin adı. Tetis okeanı enlik istiqamətində Vest-Hind adalarından başlayaraq Aralıq dənizi, Qafqaz, Mərkəzi Asiya, Himalay, Hind-Çin yarımadasından keçib, Böyük Zond arxipelaqına qədər uzanan geosinklinal hövzələrin yerində olmuşdur.
Təbii ehtiyatlar - cəmiyyətin mövcudluğu və inkişaf üçün zəruri olan, əhalinin və təsərüfatın tələbatının ödənilməsi üçün istifadə edilən təbiət elementləri.
Təbii zonalar - oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq örtüyünə, bitki və heyvanlar aləminə malik, burada hakim olan bitkilərə görə adlanan təbii komplekslər. Onlar ekvatordan qütblərə doğru üfüqi istiqamətdə dəyişir.
Təmərküzləşmə - istehsalın və işçi qüvvəsinin iri müəssisələrdə cəmlənməsi. Metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənayesi sahələrində məhsul istehsalı üçün iri müəssisələr yaradılır, yəni istehsal təmərküzləşir.
Tibbi coğrafiya - insanların sağlamlığına mənfi və müsbət təsir göstərən fiziki-coğrafi şəraiti, təbii və sosial-iqtisadi amilləri, xəstəliklərin yayılması qanunauyğunluqlarını öyrənir.