Litosfer tavaları - litosferin geniş əraziləri əhatə edən hissələri. Onların qalınlığı 60-100 km arasında olur, mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə sürüşür.
Mussonlar - materiklər və okeanlar arasında hava və rütubət mübadiləsinin əsas formalarından birini əmələ gətirən küləklər. Mussonlar yayda okeanlardan quruya, qışda qurudan okeana yönəlir, Sakit və Hind okeanlarının Avrasiya sahillərində yaranır.
Nöqtələr üsulu - tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, onların kəmiyyət göstəricilərinin təsviri üçün istifadə edilən üsul. Nöqtələrin ölçüləri və ya sayı onların kəmiyyət göstəricilərini ifadə edir.
Okean cərəyanları - okean və dənizlərdə müxtəlif qüvvələrin (əsasən daimi küləklərin) təsiri altında böyük su kütlələrinin üfüqi istiqamətdə böyük məsafədə yerdəyişməsi. Formalaşdığı ərazi və suyunun temperaturuna görə isti və soyuq cərəyanlar ayrılır.
Orta okean silsilələri - okean yatağı daxilində böyük dağ sistemləri. Dağların eni 2,0 min km, hündürlüyü 2-3 km, uzunluğu 60 min km-dən çoxdur, bütün okeanların dibi ilə uzanır. Əsas hissələrinə Orta Atlantik silsiləsi, Mərkəzi Hind okeanı (Ərəbistan- Hindistanla birlikdə), Şərqi Sakit okean qalxmaları, Şimal Buzlu okeanında Hakkel silsiləsi aiddir.
Ölkəşünaslıq - regional fiziki və iqtisadi coğrafiyanın qovşağında yaranmış sahəvi coğrafiya elmi. Ölkəşünaslıq dünya ölkələrinin, onların təbiətinin, əhalisinin, təsərrüfatının, mədəniyyətinin və ictimai quruluşunun kompleks öyrənilməsi ilə məşğul olur. Burada təbii ehtiyatların əsası, ölkə əhalisinin yaşayış və təsərrüfat fəaliyyəti öyrənilir.
Pangeya - 250 mln. il əvvəl mövcud olması fərz edilən və ilk okeanla əhatə olunmuş ilk vahid quruya verilmiş ad. Bu adı ona alman alimi A.Vegener 1912-ci ildə vermişdir.
Pantalassa okeanı - 200 mln. ildən 70 mln. il əvvələ qədər Pangeya quru sahəsini əhatə edən, Yer kürəsinin yarısını tutan nəhəng okean.
Passatlar - Şimal və Cənub yarımkürələrində, 25 - 30° enliklərinin yüksək atmosfer təzyiqi sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru il ərzində eyni istiqamətdə əsən küləklər. Koriolis qüvvəsinin təsirilə passatlar şərqə meyil edir. Ona görə Şimal yarımkürəsində şimal-şərqdən, Cənub yarımkürəsində cənub-şərqdən əsir.
Rekreasiya ehtiyatları - insanların istirahəti və müalicəsinin təşkilinə əlverişli şərait yaradan ehtiyatlar. Onlara təbii (meşələr, dağlar, mineral bulaqlar) və antropogen obyektlər (tarixi, arxeoloji, arxitektura, incəsənət əsərləri) aiddir.
Rift dərələri - Yer qabığının uzununa yerləşən iri tektonik strukturları (qrabenlər). Onlar Şərqi Afrika və orta okean silsilələrinin oxu üçün səciyyəvidir.
Saat qurşaqları - beynəlxalq vaxt hesablama sistemi. Saat qurşaqlarının ayrılmasına