Batiskaf - okean və dənizlərin dərinliklərini tədqiq etmək üçün müstəqil idarə edilən aparat.
Biosfer - Yerdə bütün orqanizmlərin - mikroorqanizmlər, bitkilər və heyvanların mövcud olduğu və fəaliyyət göstərdiyi təbəqədir. Coğrafi təbəqənin fəal tərkib hissəsi - insanlardır.
Böyük yeddilik - dünya təsərrüfatı və iqtisadiyyatında xüsusi rolu olan yüksək inkişaf etmiş ölkələr qrupu. Onlara ABŞ, Kanada, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya aiddir.
Cənub-şərq küləkləri - Cənub qütbünə yaxın enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin (60°c.e.) alçaq təzyiq sahələrinə doğru əsən daimi küləklər.
Coğrafi informasiya - məlumatların toplanması, təhlili, onların xəritəyə köçürülməsi ilə məşğul olan sahə.
Codyarpaqlı meşələr - kserofit codyarpaqlı ağac və kollardan ibarət həmişəyaşıl meşə. Aralıq dənizi iqliminə malik subtropiklərdə inkişaf edir. Aralıq dənizi sahillərindəki meşələrdə mantar və dağ palıdı, çiyələk ağacı, yabanı zeytun, süpürgə kolları, mərsin və digər bitki növləri bitir. Amerikada (ABŞ və Çili) həmişəyaşıl palıd və çiyələk ağacı, Avstraliyada evkalipt, akasiya və kazuarin üstünlük təşkil edir.
Coğrafi qurşaqlar - Yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki-coğrafi bölgüsü. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə üst-üstə düşür. Onlar termik şəraitin ümumiliyi ilə səciyyələnir, lakin rütubətlənmə şəraiti eyni deyildir.
Coğrafi təbəqə - Litosferin yuxarı hissəsini, atmosferin aşağı təbəqəsini, hidrosferi və biosferi əhatə edən təbəqə. Coğrafi təbəqənin yuxarı sərhədi troposferin yuxarı qatlarında, yəni Yer səthindən 20-25 km hündürlükdə, aşağı sərhədi litosferdə 10-12 km dərinlikdə, hidrosferdə isə Marian çökəkliyində yerləşir.
Daimi küləklər - müxtəlif enliklərdə Yer səthinin qeyri-bərabər qızması nəticəsində əmələ gələn müxtəlif xassəli hava kütlələrinin daim eyni istiqamətdə yerdəyişməsi. Onlara passatlar, qərb küləkləri, şimal-şərq və cənub-şərq küləkləri aiddir. Daimi küləklər müxtəlif enliklərin iqliminin formalaşmasına böyük təsir göstərir.
Dalğa - okean və dənizlərdə küləyin, atmosfer təzyiqinin dəyişməsinin, zəlzələnin, qabarma qüvvəsinin təsirindən suyun üst qatının hərəkəti.
Demoqrafik siyasət - demoqrafik inkişafa nail olmaq məqsədilə əhalinin təbii artımının yüksəldilməsi və ya azaldılması üçün ölkənin əhalisinə münasibətdə dövlətin həyata keçirdiyi inzibati, iqtisadi, təbliğati tədbirlər sistemi.
Demoqrafiya - əhalinin təbii artımının qanunauyğunluqları, onun xarakterinin sosial-iqtisadi və təbii şəraitdən, etnik tərkibdən asılılığı haqqında elm.