Adalar qövsü - materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində yaranan vulkan mənşəli adalardır. Adətən onlara paralel olaraq novlar yaranır. Məs.: Aleut adaları və Aleut novu.
Antisiklonlar - atmosferin qapalı yüksək təzyiq sahəsi. Mərkəzində atmosfer təzyiqi normadan (760 mm c.st.) çox olur, kənara doğru azalır, ona görə hava axınları mərkəzdən kənara yönəlir. Havanın hərəkəti Şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, Cənub yarımkürəsində əksinə olur. Hava quru və aydın olur.
Areallar üsulu - kartoqrafik təsvir vasitələrində hər hansı prosesi, hadisəni, canlıların yayılma xüsusiyyətini göstərmək üçün qəbul edilən şərti işarə sistemi.
Atmosfer cəbhələri - müxtəlif fiziki xassələrə (temperatur, təzyiq, rütubət) malik iki hava kütləsi arasında keçid zonası. Yer üzərində arktik (antarktik), mülayim və tropik planetar atmosfer cəbhələri ayrılır.
Atmosferin ümumi dövranı - bütün troposferi əhatə edən, Yerin ayrı-ayrı qurşaqları arasında istiliyin və rütubətin mübadilə edilməsində əsas rol oynayan hava axınları sistemi. Onlara passatlar, qərb küləkləri, şimal-şərq və cənub-şərq küləkləri mussonlar, siklonlar və antisiklonlar aiddir.
Aysberqlər - Antarktida, Qrenlandiya və digər Arktika adalarındakı buz örtüyünün kənarlarından qopub okeanlara düşən iri buz parçaları. Onların uzunluğu bəzən bir neçə on kilometrə çatır, hündürlüyü orta hesabla Antarktidada 100-400 metrə qədər, Arktikada 70 metrə qədər olur. Buzların əsas hissəsi - 90%-ə qədəri suyun altında olur. Aysberqlərin görünməyən hissələri ilə toqquşmalar adətən gəmilərin məhvinə səbəb olur. Aysberqlərin su təminatı mənbəyi kimi istifadə edilməsi nəzərdə tutulur.
Alp çəmənlikləri - dağların yüksək sahələrində, əsasən okeansahili zonalarda alçaqboylu (10-15 sm) ot örtüyü sahələri. Qışda qalın qar örtüyünün olduğu sahələrdə qısa vegetasiya dövründə inkişaf edir. Pireney, Apennin, Alp, Karpat, Qafqaz, Pamir- Alay, Kordilyer dağlarında, Altayın qərb hissəsində yaxşı inkişaf etmişdir. Yay otlaqları kimi istifadə olunur.
Arktika havası - arktika coğrafi qurşağında, əsasən Şimal Buzlu okeanı üzərində formalaşan hava kütləsi. Aşağı temperatura, alçaq nəmliyə, yüksək şəffaflığa malikdir. Siklonların fəaliyyəti prosesində arktika hava kütləsi çox vaxt Şimali Amerika və Avrasiyanın mülayim enliklərinə qədər gedir. Materiklərin üzərindən keçərkən arktika hava kütləsi qışda daha da soyuyur, yayda qızır, rütubətliyi azalır və quraqlığa səbəb olur.
Aşınma - quruda bütün dağ süxurlarının daim gedən dağılması və kimyəvi dəyişməsi prosesi. Aşınma müxtəlif formalarda baş verir. Fiziki aşınma - daşlaşmış dağ süxurlarının xırda hissələrə bölünməsidir, bu proses kəskin kontinental iqlimə malik zonalarda sutkalıq temperaturun kəskin dəyişməsi şəraitində intensiv şəkildə baş verir. Kimyəvi aşınma ekvatorial və tropik qurşaqlarda daha intensiv gedir. Bu