Kosmosun mənimsənilməsi, Yerin süni peyklərinin, orbital stansiyalarının fəaliyyəti coğrafi məlumatların toplanmasında əvəzedilməz rol oynayır. Ətraf mühitin mühafizəsi, havanın proqnozu, meşə yanğınları, atmosferdə baş verən proseslər kosmosdan öyrənilir. Materiklər və okeanlarda çirklənmiş ərazilərin öyrənilməsi, xəritələrin tərtib edilməsi və coğrafi informasiyaların əldə edilməsində kosmik aparatlar xüsusi əhəmiyyət kəsb edir.
Dünya okeanının öyrənilməsi üçün də xüsusi texniki imkanları olan avadanlıqlar və aparatlar yaradılmışdır. Onlardan istifadə etməklə okeanların dərin sahələri, dib relyefi tədqiq olunur. Okeanlarda suların axın istiqamətləri, fiziki-kimyəvi xassələri, çirklənmə səviyyəsini tədqiq etmək mümkün olur. Materiklərin iqliminin formalaşmasına okeanların təsiri güclü olduğuna görə bu sahədə tədqiqat aparmaq çox vacibdir.
Coğrafiyanın ayrı-ayrı sahələri üzrə məlumatların toplanması üçün yaradılan müşahidə məntəqələri, elmi-tədqiqat stansiyaları xüsusi əhəmiyyət kəsb edir. Bu stansiyalarda (meteoməntəqələrdə) hava üzərində davamlı olaraq müşahidələr aparılır, havanın çirklənmə səviyyəsi, qaz qarışıqlarının miqdarının dəyişməsi, çayların sululuğu öyrənilir. Belə məntəqələr dağlıq rayonlarda, dəniz və göllərdə, xüsusi qorunan ərazilərdə də təşkil edilir. Antarktidada aparılan elmi işlər təkcə materikin öyrənilməsi üçün deyil, ətraf suların xassələrini, Yer kürəsində iqlim dəyişmələrini izləmək üçün də vacibdir.