Cəmiyyətin sosial-iqtisadi inkişafı təbiətin bizə bəxş etdiyi təbii ehtiyatlardan istifadə edilməsi ilə əlaqədardır. İnsanların təbii ehtiyatlara olan tələbatı müxtəlifdir. Su, ərzaq ehtiyatlarına tələbat böyükdür və daim artır. Elm və texnika inkişaf etdikcə istehsal edilən məhsulların material tutumluluğu azalır. Bununla yanaşı, neft, təbii qaz, daş kömür, müxtəlif filizlər hələ də böyük həcmdə hasil olunur və emaldan keçir.
Kəşf edilən və istismar olunan təbii ehtiyatlardan maddi istehsalın müxtəlif sahələrində xammal kimi istifadə olunur. Onların bir hissəsi hazır məhsula çevrilir, digər qismi xammal və ya yarımfabrikat kimi satılır. İstehsala cəlb edilən xammallar müəyyən emal mərhələsindən keçdikdən sonra iqtisadi ehtiyatlara çevrilir. Təbii ehtiyatlardan istifadə zamanı onların qiymətləndirilməsi lazım gəlir. Bura ehtiyatların kəşfi, onların kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi aiddir.
Yanacaq və elektrik enerjisi ilə birlikdə sənaye məhsullarının istehsalına çəkilən xərclər arasında xammalların maya dəyəri 75% təşkil edir. Xammalların çox hissəsi İEOÖ-də yerləşir, onların əsas istifadəçiləri isə İEÖ-dir. Ona görə bu ölkələr xammal bazaları əldə etmək uğrunda daim mübarizə aparırlar.
Hazırda neft, təbii qaz, kömür, dəmir filizi, polimetal filizləri və duzlar təsərrüfat obyektlərinin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Onlardan istifadə edilməsi ölkənin iqtisadi potensialının güclənməsinə, müxtəlif məhsullara olan tələbatın ödənilməsinə, əhalinin iş yerləri ilə təminatına imkan verir.
Təbii ehtiyatlardan istifadə edilməsi ilə yeni ərazilər mənimsənilir, şəhərlər yaradılır, istehsal edilən məhsulların bir hissəsi ixrac edilir. Mineral ehtiyatların hasilatı və emalı rayonlarında iri istehsal sahələri yaradılır. Qərbi Avropa, Yaponiya, Koreya Respublikası və ABŞ-da idxal edilən xammallar əsasında liman şəhərlərində və sahil rayonlarında iri sənaye mərkəzləri formalaşmışdır.