Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə düşən ÜDM 10-15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn aiddir.
Yeni sənaye ölkələri* (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70- 80-ci illərində əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer tutmuşlar. YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər. Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili, Argentina və s. aiddir. Bəzən əsas ölkələr qrupunda olan Hindistan, Braziliya, Meksika, Türkiyə də yeni sənaye ölkələrinə (YSÖ) daxil edilir.
Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş, digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın, Asiyanın keçmiş və hazırkı sosialist ölkələri aiddir.