Mülayim enliklərdə meşələr Avropanın orta enlikləri, Sibiri, Sakit okeanın sahillərini, ABŞ-ın şimal-şərqi və Kanadanın cənubunu örtür. Şimalda soyuğa davamlı iynəyarpaqlı ağaclardan ibarət tayqa meşələri yayılmışdır. Meşələrdə iynəyarpaqlı şam, küknar, qara şam və ağ şam ağacları, xırdayarpaqlı tozağacı, ağcaqovaq və qızılağac ilə birlikdə bitir. Burada qonur ayı, canavar, vaşaq, sığın kimi iri heyvanlar yaşayır. Xəzdərili heyvanlar olan su samuru, dələ, qunduz, sincab, quşlardan tetraquşu, ağacdələn, bayquş, qarabağır yayılmışdır.
Sahilboyu yağıntıların çox olduğu ərazilərdə tayqa heyvanları ilə yanaşı, yenot, skuns, porsuq, zebu, Şimali Amerikada qrizli ayısı, Virciniya maralı yaşayır, çoxlu quş növləri vardır. Cənubda istiliksevən enliyarpaqlı ağaclar (palıd, cökə, fıstıq, ağcaqayın) çoxdur. Onlar arasında qarışıq meşələr keçid zonası təşkil edir. Belarus və Polşada zebular qorunur.
Meşələrdən cənubda əvvəlcə ağac və kollardan ibarət meşə-çöllər, sonra isə ot örtüyünün üstünlük təşkil etdiyi çöllər yayılır.
Tropiklər, subtropik və mülayim qurşaqların daxili rayonlarında isti və quru iqlimə malik səhralar, yarımsəhralar geniş əraziləri tutur. İsti və quru iqlim şəraitində bitki örtüyü kasıbdır. Onlar arasında tikanlı kollar, cod otlar, yovşan, şoran, dəvətikanı, saksaul çoxdur. Tropiklərdə heyvanlar aləmi nisbətən kasıbdır, əksəriyyətini sürünənlər təşkil edir. Mülayim və subtropik enliklərin quru çölləri, səhraları və yarımsəhralarında yaşayan əsas heyvan növlərinə dəvə, sürünənlərdən kərtənkələ, ilan, həşəratlardan əqrəb aiddir.
Yazda yarımsəhraların birillik quraqlığa davamlı efemerlər ilə yaşıl libasa bürünməsi heyvanlar aləminə də öz təsirini göstərir. Səhralarda yeraltı suların səthə çıxdığı ərazilərdə palma ağacları bitir və xüsusi təbii mühit yaranır. Onlara vahələr deyilir.
Subtropiklərin qərbində codyarpaqlı meşələr* və kolluqlar zonası, subtropik və tropiklərin şərqində həmişəyaşıl rütubətli meşələr yaranır.
Subekvatorial enliklərdə rütubətli yay dövründə təbiət canlanır, seyrək bitən ağaclar yaşıllaşır, sıx ot örtüyü əmələ gəlir. Qışın quraq dövründə otlar quruyur, ağacların bir qismi yarpağını tökür. Bura savanna və seyrək meşələr zonasıdır.