Şimal yarımkürəsində mülayim enliklərin şimalında yanvarın orta aylıq temperaturu -20 - 25°C olur, cənuba doğru artır, iyulda 10-20°C-yə çatır, 300-600 mm yağıntı düşür. Mülayim enliklərin meşələri bitki və heyvanlarla zəngindir. Geniş ərazini əhatə etməsi, okeanlardan uzaqlaşdıqca və cənuba doğru yağıntıların azalması, temperaturun artması təbii-coğrafi şəraitin də dəyişməsinə səbəb olur.
Şimalda, nisbətən soyuq ərazilərdə həmişəyaşıl və soyuğa davamlı iynəyarpaqlı ağaclar bitir. Onlara tayqa meşələri də deyilir. Həddən artıq nəmlənmə şəraitində bataqlıqlar geniş ərazilərdə yayılır. Meşələrdə iri yırtıcı heyvanlarla yanaşı, xəz dərili heyvanlar, quşlar çoxdur. Heyvanların bir hissəsi ağaclarda yaşayır. Cənuba doğru getdikcə temperatur artır, yanvarın orta temperaturu -5°C-dən -15°C-yə qədər yüksəlir. Sahilboyu ərazilərdə mülayim iqlim şəraiti, yağıntıların artması enliyarpaqlı ağacların yayılmasına səbəb olur. Meşələrdə tayqa heyvanları ilə yanaşı, onun özünəməxsus heyvanları da vardır.
Meşələrdən cənubda yağıntıların azalması istiqamətində meşələr tədricən meşə-çöllərə, sonra isə çöllərə keçir. Çöllərdə ot örtüyü, onlar arasında dənli bitkilər çox olduğuna görə otyeyən heyvanlar, gəmiricilər, dırnaqlılar sürünənlər çoxdur. Meşə-çöl və çöllər Şimal yarımkürəsinin mülayim, hər iki yarımkürənin isə subtropik enliklərində geniş ərazilər tutur.