XVIII əsrdə təsərrüfatın inkişafı ayrı-ayrı ölkələrdə yeni ərazilərin mənimsənilməsini tələb edirdi. Bu ərazilərdə yeni sənaye obyektlərinin tikilməsi ilə bərabər, onların təbii-coğrafi şəraiti öyrənilir, xəritəyə köçürülürdü. 1760-cı ildə “iqtisadi coğrafiya”* termini elmə gətirilmişdir (M.Lomonosov). Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır. Onun əsas sahələrinə sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrinin coğrafiyası, əhali coğrafiyası, ayrı-ayrı regionların iqtisadi və sosial coğrafiyası aiddir. Avropa və Amerikada iqtisadi coğrafiya əvəzinə insan coğrafiyası termini istifadə edilir.