Yeni ərazilərin kəşf edilməsi, onların xəritəyə köçürülməsi kartoqrafiya elminin də inkişafına təkan verdi. Böyük Coğrafi kəşflər kartoqrafiyanın inkişafında yeni mərhələnin əsasını qoydu. Vaxt keçdikcə xəritələrdə olan “ağ ləkələr”in sahəsi azalmış, praktik əhəmiyyəti olan müxtəlif məzmunlu xəritələr hazırlanmışdır. Tərtib edilmiş xəritələri toplu halında hazırlayan kartoqraf Herard Merkator onu “Atlas” adlandırdı və az sonra çap olundu.
XIX əsrin əvvəlində Aleksandr Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı. 1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.
Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində V.Dokuçayevin Şərqi Avropa düzənliyində apardığı tədqiqatlardan sonra yaranmışdır.