25. Kompüter şəbəkələri
-
Bu mənzərə sizə tanışdırmı? Orada nə təsvir olunub?
-
Bir kompüterdə olan faylları başqa kompüterə hansı üsullarla
köçürmək olar?
Fəaliyyət
Verilmiş kompüterləri bir neçə üsulla elə birləşdirin ki,
onların hər birindən o birilərə bağlantı (birbaşa olmaya da
bilər) olsun və mümkün qədər az kabel işlədilsin.
Nəticəni müzakirə edək:
-
Kompüterləri neçə müxtəlif üsulla birləşdirdiniz?
-
Əgər birbaşa birləşdirilmiş iki kompüter arasındakı kabel
qırılarsa, hansı növ bağlantıda daha az kompüter “ziyan”
görəcək?
Hər hansı müəssisədə kompüterlərin sayı artdıqca onları bir
şəbəkədə birləşdirmək zərurəti yaranır. İnformasiyanın və
avadanlıqların bölüşdürülməsi baxımından şəbəkələrin çox böyük
faydası vardır.
Belə ki, istifadəçilər şəbəkədə olan digər kompüterlərdəki
resurslardan birgə istifadə edə bilər. Bu zaman hər kompüter üçün
ayrıca printer, skaner, yaxud tez-tez istifadə olunan periferiya
qurğusu almağa gərək yoxdur. Şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu
sayda istifadəçi yararlana bilər.