22. Elektron cədvəl
İnformasiyanın ən geniş istifadə olunan və çox əlverişli
təqdimolunma formalarından biri cədvəldir. Siz mətn
redaktorunun imkanlarından istifadə edərək sadə cədvəl və
diaqramlar yaratmağı öyrənmişsiniz.
Mətn redaktorlarında sadə cədvəllər qurmaq imkanı olsa da,
müəyyən hesablamalar tələb edən cədvəllərlə işləmək üçün xüsusi
proqramlar vardır. Belə tətbiqi proqramlara
elektron cədvəllər , yaxud
cədvəl prosessorları deyilir. Microsoft şirkətinin
Excel və OpenOffice.org paketinə daxil olan
OpenOffice Calc
elektron cədvəl proqramları daha populyardır.
Elektron cədvəl faylına iş kitabı, yaxud sadəcə,
kitab deyilir. İş kitabı bir neçə iş vərəqindən ibarətdir
və ona yeni vərəqlər artırmaq olur. Ekranda iş vərəqlərindən
yalnız biri görünür, o biri vərəqlərə keçmək üçün uyğun vərəqin
yarlığını çıqqıldatmaq lazımdır. Hər bir iş vərəqi quruluş
baxımından şahmat taxtasını xatırladır. O hər birinin öz adı
olan sətir və sütunlardan ibarətdir. Sətir və
sütunun kəsişməsi xana
adlanır.