Əksər proqramlarda olduğu kimi, SketchUp proqramı da
başladıldıqdan sonra ekranda onun baş pəncərəsi açılır. Proqramın
baş pəncərəsi dörd əsas hissədən ibarətdir: menyu zolağı, alətlər
zolağı, modelləşdirmə pəncərəsi və status zolağı.
SketchUp proqramının baş pəncərəsi ilə tanışlıq
1.
İş masasında SketchUp proqramının simgəsini tapıb qoşa
çıqqıldadın.
SketchUp proqramının baş pəncərəsi açılacaq.
2.
Baş pəncərənin əsas elementləri ilə əyani tanış olun. Bu
təsəvvürlər verilmiş nəzəri materialı mənimsəmək üçün
faydalıdır.
3.
Kameranın yerdəyişməsi düymələrindən istifadə etməklə
ekrandakı görüntünü hərəkət etdirin. Vərdiş etməyiniz üçün
eyni hərəkətləri bir neçə dəfə təkrarlayın.
Redaktorun iş sahəsi modelləşdirmə pəncərəsi adlanır. Orada
rəngli (qırmızı, yaşıl və göy) oxlarla üçölçülü koordinat sistemi
təsvir olunub. Koordinat oxlarından keçən müstəvilər virtual
(xəyali) fəzanı şərti olaraq 8 hissəyə ayırır. İstiqamətin
müəyyənləşdirilməsi və miqyasın bilinməsi üçün koordinat
başlanğıcının yaxınlığında insan fiquru yerləşdirilib.
Həcmli modelləri gözdən keçirmək üçün bu redaktorda aşağıdakı
prinsipdən istifadə olunur: sanki hansısa virtual telekamera
görüntüləri çəkir və redaktorun pəncərəsinə ötürür. Kamera virtual
fəzada hərəkət edə bilər. Bu halda pəncərədəki görüntü də dəyişilir.
Kameranın yerdəyişməsi rejimlərini açmaq üçün alətlər zolağında
xüsusi düymələr nəzərdə tutulub.
Orbit düyməsi kameranı ixtiyari orbit üzrə hərəkət etdirməyə imkan
verir. Bu rejimdə yerdəyişməni həyata keçirmək üçün siçanla
sürükləmək üsulundan istifadə olunur.
Kompüter qrafikasında “sürükləmək” dedikdə görüntünü və ya obyekti
“tutmaq” və yeni mövqeyə “dartmaq” yolu ilə ekranın bir yerindən
başqa bir yerinə aparılması nəzərdə tutulur. Siçanla işləyərkən
sürükləmək belə həyata keçirilir:
1) siçanın göstəricisi obyektin “üzərinə” yerləşdirilir;
2) siçanın sol düyməsini basıb saxlamaqla obyekt yeni mövqeyə
dartılıb aparılır;
3) sonra isə siçanın düyməsi buraxılır.
Pan düyməsi kameranın panoramlı yerdəyişməsi rejimini aktivləşdirmək
üçün nəzərdə tutulub.
Bu rejimdə də yerdəyişməni həyata keçirmək üçün siçanla sürükləmək
üsulundan istifadə olunur.