18. Üçölçülü qrafika
-
Bunlardan hansılar fəza fiqurlarıdır?
-
Bu fiqurlardan hansını Paint qrafik redaktorunda çəkmək daha
çətin olar?
Şəkillər üzərində sadə əməliyyatlar üçün nəzərdə tutulmuş Paint
qrafik redaktoru ilə aşağı siniflərdən tanışsınız. Bu proqramda
yaradılan şəkillər ikiölçülüdür. Kompüterdə müstəvi qrafik
görüntülər və onların yaradılması texnologiyası
ikiölçülü qrafika (2D-qrafika) adlanır. Həcmli
qrafik obyektlərə və onların yaradılması texnologiyasına isə
üçölçülü qrafika (3D-qrafika) deyilir.
AÇARSÖZLƏR
İkiölçülü qrafika
Üçölçülü qrafika
Modelləşdirmə pəncərəsi
Sürükləmə
Qrafik primitivlər
Üçölçülü qrafik obyektlər yaratmaq və onlarla işləmək üçün
müxtəlif qrafik redaktorlar hazırlanmışdır. Peşəkarlar üçün olan
3D-redaktorlarında işləməyi öyrənmək elə də asan deyil. Buna
baxmayaraq tədris məqsədilə nəzərdə tutulmuş proqramlar da
mövcuddur. Belə qrafik redaktorlardan biri də sərbəst yayılan və
çox əlverişli interfeysə malik SketchUp proqramıdır
(“skeçap” kimi oxunur). SketchUp proqramının pullu versiyası da
vardır: SketchUp Pro. Ancaq proqramın yeni versiyası
çıxdıqda “köhnəlmiş” versiya sərbəst yayılır.