Nəsil ağacını daha yığcam da göstərmək olar. Aşağıdakı sxem köklü
ağaca bir nümunədir.
Berullilərin nəsil ağacının sxemi
Ağacşəkilli strukturdan informatikada da geniş istifadə olunur.
Məlumdur ki, diskdə informasiya müəyyən nizamla saxlanılır:
fayllar qovluqlarda, qovluqlar başqa qovluqlarda yerləşdirilir.
Diskin özü isə bu iyerarxiyanın başlanğıcı, başqa sözlə, kökü
olur. Əməliyyat sistemi fayl sisteminin görüntüsünü kompüterin
ekranında ağac formasında göstərir:
Ağacşəkilli strukturda faylı tapmaq üçün onun yolunu bilmək
lazımdır. Faylın yolu onun yerləşdiyi diskin məntiqi adından
(məsələn, C:, D:) və bir-birindən “\” simvolu ilə ayrılmış iç-içə
qovluqların adlarından ibarət olur.
C:\Ensiklopediya\Elm\Riyaziyyat\
C:\Ensiklopediya\Təhsil\
C:\My Documents\
Axtarılan fayl adı sonuncu göstərilmiş qovluqda yerləşir. Faylın
yolunun onun adı ilə birləşməsinə faylın tam adı deyilir.
C:\Ensiklopediya\Elm\İnformatika\LOGO.pdf
C:\My Documents\informatika\Orman.bmp
C:\ALP\alplogo.exe
Müəyyən növ məsələlərin həllində ağacşəkilli strukturdan istifadə
etmək çox əlverişli olur. Örnək olaraq bir məsələyə baxaq. Robot
yalnız iki komandanı anlayıb icra edir: 1) 3 əlavə et,
2) 2-yə vur. Komandalar ardıcıllığını necə yerinə
yetirmək lazımdır ki, 11 ədədindən 80 ədədi alınsın?