Bu fraqmentdə dövr sayğacı olan i dəyişəninin alacağı qiymətlər
range funksiyası vasitəsilə təyin olunur. Bu funksiya tam
ədədlərdən ibarət ardıcıllıq yaradır. Mötərizədə göstərilmiş son
qiymət həmin ardıcıllığa daxil olmur. Nümunədə bu funksiya 1-dən
100-dək ədədlər ardıcıllığını yaradır. Əgər ardıcıllığın başlanğıc
qiyməti 0 olarsa, range(0, 101) əvəzinə, range(101) yazılışından
da istifadə etmək olar.
Dövr dəyişəninin dəyişmə addımı. Susqunluqla range
funksiyası hər növbəti ədədin əvvəlkindən 1 vahid böyük olduğu
ardıcıllığı qurur. Ancaq range funksiyasına üçüncü arqument - dövr
dəyişəninin dəyişmə addımını əlavə etməklə bu qaydanı dəyişmək
olar. Növbəti proqram 10-dan 1-dək natural ədədlərin kvadratını
azalan sıra ilə çıxışa verir:
for k
in range(10, 0, -1):
print (k*k)
Bu nümunədə addım -1-ə bərabərdir, yəni hər növbəti ədəd
əvvəlkindən 1 vahid kiçikdir. Xatırlatmaq lazımdır ki, son qiymət
olan 0 ardıcıllığa daxil deyil. Başqa bir nümunə:
for i
in range(0, 101, 5):
print (i)
Bu proqram fraqmentinin icrası nəticəsində 0-dan 100-dək ədədlər 5
addımı ilə (0, 5, 10, ..., 100) çıxışa verilir. range funksiyasının
ikinci arqumenti 101 götürülüb ki, i dəyişəninin son qiyməti 100-ə
bərabər olsun.
Məsələ. Aşağıdakı proqram fraqmentinin icrası nəticəsində
ekrana nə çıxarılacaq?
for j
in range(0, 11, 3):
print (j, end="")
print (j)
Həlli: Dövr sayğacı 0-dan 10-dək 3 addımı ilə 0, 3, 6, 9
qiymətlərini alır. Ona görə də dövr daxilində bu qiymətlər
bir-birinin ardınca çıxışa verilir. Dövrdən çıxdıqdan sonra j
dəyişənin son qiyməti olan 9 ədədi yenidən həmin sətirdə çıxışa
verilir. Beləliklə, son olaraq çıxış sətri 03699 şəklində olur.
break və continue operatorları. Bu operatorlar proqramda
bəzi hissələri adlamağa imkan verir.
-
break operatoru idarəetməni dərhal cari dövrdən sonrakı
operatora ötürür.