Təqdimat fərdi baxış üçün nəzərdə tutulubsa, ona danışıq da əlavə
etmək olar. Belə təqdimatda məruzəçiyə gərək qalmır və həmin
təqdimat təkrar-təkrar nümayiş etdirilə bilər. Bəzi təqdimat
proqramlarında danışığı yazmaq üçün xüsusi imkanlar vardır.
Məsələn, PowerPoint proqramında bu məqsədlə Slide Show menyusunun
Record Narration komandasından istifadə etmək olar.
Təqdimatlara video faylların əlavə olunması səs fayllarında olduğu
kimidir.
Əslində, təqdimata səs və video faylların özləri deyil, onlara
istinadlar əlavə olunur. Təqdimat faylını bir kompüterdən
başqa kompüterə köçürən zaman əlavə olunmuş faylların da köçürmək
lazımdır. Bu məqsədlə belə faylların köçürülmə zamanı
“unudulmaması” üçün onları təqdimat faylı ilə eyni qovluqda
saxlamaq məsləhət görülür.
Araşdıraq-öyrənək
1.
Keçən dərsdə hazırladığınız təqdimatı açın. Onun birinci
slaydına səs faylı əlavə edin. (Əgər təqdimat
konstitusiyaya həsr olunubsa, bunun üçün musiqisi
Ü.Hacıbəylinin olan “Azərbaycan marşı’nı seçə bilərsiniz).
Növbəti slayda həmin mövzuya uyğun video əlavə etməyə
çalışın.
2.
Təqdimatın sonuna yeni slayd əlavə edin. Bu slayda
“Təşəkkür edirəm!” yazısını və “alqış” səslərini əlavə
edin. Təqdimatı nümayiş edin.
Öyrəndiklərinizi yoxlayın
1.
Slayda səs necə artırılır?
2.
Bir slayddan başqasına keçid effektinə səsi necə artırmaq
olar?
3.
Slayda əlavə olunmuş səs faylının slayd açılan zaman öz-özünə
səslənməsi üçün nə etmək lazımdır?
4.
Təqdimat faylını bir kompüterdən başqasına köçürən zaman nə
üçün ona əlavə olunmuş səs və video faylları da ayrıca olaraq
köçürmək lazımdır?
5.
“Addım-addım” bölümündə verilmiş çalışmaları PowerPoint
proqramında yerinə yetirin.