AÇARSÖZLƏR
ASCII
UNICODE
Bit
Bayt
Mətn şəklində verilmiş informasiyanın həcmi onu təşkil edən
simvolların (hərflərin, durğu işarələrinin) sayından asılıdır.
Ona görə də informasiya mətn şəklində nə qədər yığcam ifadə
olunarsa, onun tutduğu yer də bir o qədər az olar. Məsələn, belə
bir xəbər gəlir: “Siz müsabiqədən keçmişiniz”. Kompüterdə qəbul
olunduğu kimi, hər bir hərf (o cümlədən sözlərarası boşluğu da)
bir baytla kodlaşdırılsa, göstərilən məlumat 26 bayt, yaxud 26 x
8 = 208 bit yer tutacaq. Məlumat “Müsabiqədən keçmişiniz”, yaxud
sadəcə, “Keçmişiniz” şəklində qısaldılsa, həmin qiymət uyğun
olaraq 176 və 80 bit olacaq. Öncədən razılaşılsa ki, 1
müsabiqədən keçməyi, 0 isə müsabiqədən keçməməyi bildirir, onda
bütün informasiya 1 bitə sığacaq.
Məlumdur ki, kompüterdə hər növ informasiya, o cümlədən mətn
informasiyası ikilik kodlarla göstərilir. Ona görə də kompüterdə
mətn informasiyasının həcmi onu təşkil edən simvolların sayı ilə
yanaşı, yaddaşda hər bir simvola ayrılan bitlərin sayından da
asılıdır.
Kompüterlərdə simvolları kodlaşdırmaq üçün müxtəlif vaxtlarda
müxtəlif kodlaşdırma üsulları tətbiq olunub. Hazırda bunlardan
ASCII və UNICODE daha geniş istifadə olunur. ASCII (“askii”
kimi tələffüz olunur) kodlaşdırmasında hər bir simvol 8 bit, yaxud
1 bayt vasitəsilə kodlaşdırılır. UNICODE
(“yunikod” kimi tələffüz olunur) kodlaşdırmasında isə bu məqsədlə
16 bit, yaxud 2 baytdan istifadə olunur. Deməli, ASCII
kodlaşdırmasında verilən hər hansı mətn UNICODE kodlaşdırması ilə
müqayisədə kompüterin yaddaşında 2 dəfə az yer tutur.
Mətn |
Həcmi |
Əgər sən hər şeyi bilirsənsə, onda hələ çox şey
öyrənməlisən.
|
ASCII kodlaşdırmasında 61 bayt, yaxud 488 bit yer
tutur.
|
UNICODE kodlaşdırmasında 122 bayt, yaxud 976 bit
yer tutur.
|
Mətndə olan ədədlər də eyni qaydada kodlaşdırılır. Başqa sözlə,
ədədin hər bir rəqəmi ayrıca simvol kimi ya 1 bayt (ASCII
kodlaşdırmasında), ya da 2 bayt (UNICODE kodlaşdırmasında) yer
tutur. Ancaq ədədlərin 2-lik say sistemində yazılışı daha yığcam
alınır. Nümunə üçün 19 ədədinin hər iki variantda
kodlaşdırılmasına baxaq. Mətndə olan ədədin hər bir rəqəmi ASCII
koduna uyğun olaraq 8 bitlə kodlaşdırılır. Yəni 19 ədədinin
kodlaşdırılması üçün 16 bit (2 bayt) tələb olunur:
1 -00110001, 9-00111001.