Çox zaman “lokal şəbəkə”, “lokal hesablama şəbəkəsi”, “lokal
kompüter şəbəkəsi”, “yerli şəbəkə” terminləri sinonim kimi
işlədilir.
Deyildiyi kimi, qlobal şəbəkələr daha geniş coğrafi ərazini əhatə
edir. Bu ərazi bir bölgə, bir ölkə, hətta bütün dünya ola bilər.
Ən böyük qlobal şəbəkə, şübhəsiz, internetdir. Qlobal
şəbəkələrin əksəriyyəti iki və daha artıq lokal şəbəkədən ibarət
olur. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon
sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, yaxud
onların kombinasiyasından istifadə edilir. “Qlobal şəbəkə”
termininə sinonim kimi tez-tez “qlobal hesablama şəbəkəsi”,
“genişmiqyaslı şəbəkə” terminlərindən də istifadə olunur.
Qlobal şəbəkənin iki variantından biri intranet, o biri isə
ekstranetdir. Intranet bir təşkilatın əməkdaşlarının müstəsna
istifadəsi üçün hazırlanır. Böyük biznes qurumlarının çoxunun
müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə
belə şəbəkələr qurulur. Ekstranet şəbəkəsi intranetə
bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi şəxslərə
daxili informasiya sistemindən istifadə etməyə icazə verilir.
Intranet və ekstranet şəbəkələrində də İnternetdə olduğu kimi, veb
texnologiyalarından istifadə olunur.
Araşdıraq-öyrənək
a)
Məktəbinizin kompüter şəbəkəsini aşağıdakı suallar
əsasında araşdırın:
-
Məktəbinizin neçə otağı kompüterlə təchiz olunub?
-
Məktəb kompüterləri bir-biri ilə necə birləşib?
-
Hansı otaqda server var?
-
Hansı şəbəkə topologiyasından istifadə edilib?
b)
Kompüter otaqlarının şəkillərini çəkin və topladığınız
materiallar əsasında “Məktəbimizin kompüter şəbəkəsi” adlı
təqdimat hazırlayın.
Öyrəndiklərinizi yoxlayın
1.
Kompüter şəbəkəsi nədir?
2.
Şəbəkələrin hansı növləri var?
3.
İnternet, intranet və ekstranet şəbəkələrinin fərqi nədədir?
4.
Şəbəkələrdə server hansı funksiyanı yerinə yetirir?
5.
Şəbəkə topologiyası nədir və hansı formaları var?