- Malades.
Və bəy cavab verdi:
- Naçalnik, bu nədi ki!.. Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə, onu görəsən! Bu nədi ki onun yanında?
Kərbəlayı Qasım atı çəkib apardı.
Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü butulkanı və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub, stəkanı uzatdı pristavın arvadına tərəf və dedi:
- Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza.
Bu sözləri deyib naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çıqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi:
- Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eyləməsin. Ondan ötrü ki, çünki nə qədər ki Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki bilmirəm, nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burada bir pristav vardı, çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım, urra!
Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər, stəkanda bir qətrə də çaxır qalmayıb və gedib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi:
- Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərəfraz buyurubsunuz.
Sözlərini deyəndən sonra xanım fincanı tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi:
- Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib-gedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm də sənin yolunda oda girərəm. Qurban sənə mənim canım! Nə qədər ki sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra!
Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı, sonra gedib oturdu yerində.