- Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm, ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı, ay axmaq, sən ki üzümü yeyirsən. Axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.
Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəhqəhə çəkdi və dedi:
- Necə qanmır? Yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.
Yanm saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, “zurnanın səsindən az qalır qulaqlarım tutulsun”. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:
- Ədə, çalın, namərdlər!
Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa və pristava dedi:
- Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynuyam.
Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:
- Ədə, çalın! “Uzundərə” çalın.
Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub dedi:
- Bəy, hələ sonra oynarsan. Göndər, nökərini, sizin atınızı çəkib gətirsin, mən istəyirəm, ata baxam.
Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:
- Naçalnik, qurbandır sənə mənim atım!
Bu sözlərdən sonra bəy nökərini çağırdı:
- Kərbəlayı Qasım, tez get, atı çək gətir, naçalnik baxsın.
Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy və xanımlardan biri getdilər atın yanına.
Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:
- Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax, bu il dördünə ayaq qoyur.
Naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Kərbəlayı Qasımın dalınca gedə-gedə heyvan hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir o tərəfə-bu tərəfə baxıb kişnəyirdi. Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın məsafəni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi: