Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdənbir zurnanın səsi ucalıb özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfə üç yekə samovar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr. Şirin çörəklər, limon-portağallar, konfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq və balışlar. Birtərəfdə qlavalartatan əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər.
Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında çəməndə əyləşib çay içsinlər.
Ağalar və xanımlar endilər. Kəndlilər genə “urra” çəkib qarışdılar bir-birinə və sonragenə başladılar yallı getməyə.
Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və odu cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosunu yandırıb dedi:
- Axmaq oğlu axmaq, bə sən niyə yallı getmirsən?
Kərbəlayı Qasım başını əydi aşağı və dedi:
- Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.
Bəy papirosunu göyə püfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkəçəkə apardı yallı gedənlərin yanına və dedi:
- Yapış, heyvan balası, heyvan! Yoxsa, vallah, döyə-döyə səni öldürərəm!
Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər-istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıbdüşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəhqəhə çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəhqəhə elədi və çığırdı:
- Ay xanım, mən istəyirəm, sənin sağlığına içim. Buyur, mənə çaxır gətirsinlər. Urra, urra!..
Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib genə başladı fırlanmağa, genə başladı dolanmağa. Bir qədər keçdi, genə bir stəkan içib çığırdı:
- Xanımın sağlığına!
Və genə başladı dolanmağa. Bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb dedi:
- İç!
Kərbəlayı Qasım başladı yalvarmağa:
- Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.
Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.
Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib birtərəfdə oturdu və üzünü naçalnikə tutub dedi: