Doğrudan, Qurbanəlı bəyin atı gözəl at idi. Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi:
- Peşkəşdi.
Naçalnik Qurbanəli bəyə dedi:
- Sağ ol.
Və yenə başladı ata tamaşa eləməyə, genə Qurbanəli bəyə üzünü tutub soruşdu:
- Qaçmağı necədi? İti yüyürürmü?
Qurbanəli bəy naçalnikə dedi:
- Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam.
Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər.
Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfində naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular.
Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi:
- Mübarək olsun xanımın ad bayramı!
Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar.
Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içməyib. Xanım bəydən soruşdu ki:
- Niyə içmirsiniz?
Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəhqəhə çəkib dedi ki:
- Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?
Qonaqlardan bir neçəsi güldü və bir neçəsi dedi ki:
- Götür iç!..
Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi:
- A kişi, siz Allah, bu nədir? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikirlər, yoxsa bizlərdə bunnan araq içməzlər.
Qonaqlar bu sözləri eşidib genə qəhqəhə çəkib güldülər və piristavın xanımı dedi:
- Da, da, doğrudur. Günah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz.
Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi:
- Bax buna nə demişəm?!. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox...
Qonaqlar yenə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına.
Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanm qabağına və başladılar tamaşa eləməyə.