Bir az keçdi, genə qaçhaqaç düşdü; dedilər, “naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:
- Naçalnik idyot.
Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, guppultu, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get... axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb, qonaqlarla bir-bir əl verib qalxdı balkona və girdi otağa.
Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdi.
Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, konfetlər, lumu-portağallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samovar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına.
Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qanşdıra-qanşdıra pristavın arvadı ilə söhbət edirdi.
Bu heyndə küçədə açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:
- Ədə, Kəblə Qasım. Heyvan oğlu heyvan, atı kənarda dolandır. Yoxsa əlindən qurtarıb qaçar.
Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa, qonaqların hamısı qaçdılar akoşkalann qabağına.
Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi. Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda ayrı-ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar.
Hərdənbir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyürdü yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdənbir nərə təpib qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı:
- Buna bax ha!
Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır?
Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq qoyur.
Genə naçalnik akoşkaya tərəf yeriyib başladı Qurbanəli bəyin atına tamaşa eləməyə, sonra Qurbanəli bəyə çönüb dedi:
-Nə gözəl atdı!