arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”, yəni “yavaş”. Və sonra genə girirdi içəri.
Pristavın aşpazları bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:
- Tez yarım girvənkə zəfəran tap!
Qlava “baş üstə” deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:
- Ədə, Mirzə Həsən, durma, tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin!
Bir az keçirdi, bir ayrı aşpaz əlində kotlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:
- Qlava, dörd-beş yüz yumurta lazımdır.
Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:
- Nə danışırsan? Burada mindən artıq yumurta var.
Birdən qaçhaqaç düşdü; dedilər, “naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.
Genə kotlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücətoyuqların və qlavaların və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və katdalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.
Birdən qaçhaqaç düşdü; dedilər, “naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaqlar çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi, genə qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər imiş. Bu da atdan endi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb, kefini soruşdu və sonra getdilər otağa.
Bir qədər keçdi, genə qaçhaqaç düşdü; genə dedilər, “naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları araladılar, bu qonaq da girdi həyətə. Bu da “Qapazlı” kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.
Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:
- Malades, sobak - və sonra qalxıb xanımı balkonda görüb çığırdı:
- İzdrasti! - Və börkünü götürüb sağ əlilə qalxızdı yuxan və qışqırdı:
- Urra! - Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəyə. Bəy xanımın əlini alıb rusca dedi:
- Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.
Xanım bir az güldü və dedi:
- Spasibo.
Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.
Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.