On birinci yüzillikdən başlayaraq ədəbiyyatımızın inkişafını ardıcıl izləmək, qorunub saxlanmış ənənə haqqında inamla danışmaq mümkün olur. Müxtəlif dövrlərdə yaşamış qüdrətli sənətkarlarımız özlərindən əvvəl yaranmış ədəbi irsi mükəmməl öyrənmiş, yaradıcılıqlarında davam və inkişaf etdirmişlər. Bu mənada N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, eləcə də bir sıra digər söz ustalarımızın ədəbi fəaliyyəti örnəkdir. Onların yaradıcılığı bir çox sənətkarlarımız üçün məktəb, ilham mənbəyi olmuşdur.
Azərbaycan ədəbiyyatı humanizmi, insan gözəlliyini, dərin ictimai mətləbləri əks etdirməsi ilə seçilmiş, elə buna görə də dünya şöhrəti qazanmışdır. Təsadüfi deyildir ki, ədəbiyyatımızdan yüzlərlə nümunələr müxtəlif dillərə tərcümə edilmiş, bütün dünyada yayılmışdır. Şərqdə, eləcə də Qərbdə elə bir mədəni ölkə yoxdur ki, orada tanınmış yazıçılarımızın əsərləri oxunmasın, sevilməsin. Ədəbiyyatımızın dünya ədəbiyyatına təsiri barədə də az yazılmamışdır. Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının bəşəri ideyalarından, forma zənginliyindən bəhrələnmişdir. Bu, təbiidir, çünki ümumilikdə dünya ədəbiyyatı qarşılıqlı əlaqə, qarşılıqlı təsir və zənginləşmə zəminində yaranır və inkişaf edir.
Nəsillər bir-birini əvəz edir. Hər nəsil mənəvi sərvətimiz olan bu xəzinədən öyrənir və onu yeni töhfələrlə zənginləşdirir. Beləliklə, xalqımızın mənəvi dünyası əbədi yaşamaq hüququnu, ləyaqətini qoruyub saxlayır.
İllər ötdükcə ədəbiyyat məzmununa və formasına görə dəyişir, inkişaf edir, zənginləşir. Bu, həyatda, cəmiyyətdə baş verən dəyişikliklə, mühüm siyasi hadisələrlə və s. bağlı baş verir. Ədəbiyyat tarixinin dövrləşdirilməsinin bir mühüm səbəbi də buradan qaynaqlanır. Dövrləşdirilmə aşağıdakı kimi qəbul edilmişdir:
- Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim
dövrlərdən VII əsrə qədər).
- Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII - X əsrlər).
- İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
- Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
- Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII -XVIII əsrlər).
- Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
- Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü (XIX əsrin
doxsanıncı illərindən Azərbaycan sovet hakimiyyətinədək).
- Sovet dövrü Azərbaycan ədəbiyyatı (1920-1991-ci illər): Azərbaycan
ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1960-cı illər); Milli mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi (1960-1980-ci illər).
- Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən bu günə
qədər).
Bir-biri ilə sıx varislik əlaqəsi olan bu dövrlərin hər birinin özünəməxsus əlamətləri, gözəl sənət nümunələri, görkəmli nümayəndələri vardır.
Bədii ədəbiyyat söz sənətidir. Bu sənətin yaşamasında, kamilləşməsində və başa düşülməsində onun mahiyyətindən, qanunlarından bəhs edən elmin xüsusi yeri var. Bu elm ədəbiyyatşünaslıq adlanır. Onun bir-biri ilə qarşılıqlı əlaqədə olan üç sahəsi mövcuddur: ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid.